Dövlətin kimlik siyasəti, Azərbaycanın “düşmən” və “qəhrəmanları”

“Azərbaycan”ın heç bir etnik qrupun adı ilə əlaqəsi olmamasına baxmayaraq “Azərbaycançılıq” adı üzərindən etnik milliyyətçiliyin edilməsi yəqin dünya üçün başqa bir analoqu olmayan hadisədir. İllərdir bu haqda aydınlarımız yazır və danışır ki, konstitusiyamızın dediyi kimi Azərbaycan coğrafiyasında yaşayan hər bir etnik qrupun mənsub olduğu Azərbaycan vətəndaşı azərbaycanlıdır (yəni talış, ləzgi və türklər kimi ermənilər də azərbaycanlıdırlar) ancaq iqtidarın propaqanda maşını dayanmadan insanları “etnik milliyyətçiliyə” şövq edir:

  • Qrossmeyster Vüqar Həşimovun oynadığı klubun fəxri prezidenti Harri Kimoviç Kasparovun (anası erməni olan) olduğu klubda oynadığı üçün milli komandadan çıxmasına səbəb olur (ən azından iddia edilir).
  • Azərbaycan Respublikası Prezidentliyinə namizədi Hafiz Hacıyev başqa namizədi “erməni dığası” deyə təhqir edir.
  • Avropa Hərəkatının Prezidenti Ramin Hacılı erməni qızları ilə rəqs etdiyinə görə Harvard Universiteti məzunu başqa bir gənc lider Bəxtiyar Hacıyev tərəfindən qınanılır.
  • Emin Milli Türkiyədə yayımlanan Agos qəzetinə reportaj verdiyi üçün iqtidar və müxalifət tərəfindən tənqid edilir.
  • Əkrəm Əylisli “Daş Yuxuları” əsərindəki erməni obrazına görə günlərcə dövlət kanallarında təhqir edilir.
  • Azərbaycanın tanınmış iş adamı Mübariz Mansimov reportajında soyunda erməni olanın öz şirkətində işlətməyəcəyini qürurla bəyan edir və müxalifət qəzetləri daxil olmaqla bunu Azərbaycan qəzetləri qürurla tiraj edir.
  • Sertab Erener Bakıda konsert vermək üçün özü ilə gətirdiyi ansamblında kamanistinin Türkiyə vətəndaşı erməni olduğu üçün ölkəyə buraxılmır.
  • Həmçinin, hər gün dövlət kanallarında Xocalıda vəhşət videoları yayımlanaraq ermənilərə nifrətə çağırılır.

Mediada yayımlanan və ya yayımlanmayan başqa yuxarıdakı kimi hadisələrdən sonra İlham Əliyev iddia edir ki, Qarabağ ermənilərinə hər cür tolerantlıq göstərəcəyik və müxalifətin baş bilənləri də ölkədə erməni fobiasının olmadığını deyirlər.

Etnik Milliyyətçiliyin Başlanğıcı

İkinci Cümhuriyyət Dövründə əsas meyar o idi ki, “Müstəqil Dövlət olmaq üçün Sovetin dəstəyini alan separatçı Qarabağ ermənilərinə qarşı vuruşmalıyıq.” Demokratiyadan və insan haqlarından bixəbər yeni cümhuriyyətin qurucuları (AXC) müharibə zamanı etnik ayrıseçkilikdən zərər çəkən separatçı olmayan ermənilərin hüquqlarını nə qorudular, nə də qoruyan təşkilatı Milli Məclisə buraxdılar. Ancaq erməniləri Azərbaycandan kütləvi şəkildə çıxartdılar və səbəb olaraq da göstərdilər ki, Ermənistan Azərbaycan Türklərini çıxardıb biz də “eyni qələti” etməliyik.

Əliyev rejimi dövründə isə bütün uğursuzluqların və problemlərin səbəbi ermənilərdə görülməklə qalmadı, müxalif olan hər kəs ermənilərə işləyən qüvvə olaraq elan edildi. Əslində isə ikinci Cümhuriyyət və Əliyev rejimi dövründən bu etnik ayrıseçkilik siyasəti sistemli olaraq “düşmən” və “qəhrəman” obrazları ilə vətəndaşlara yuxarıda qeyd etdiyim kimi “etnik ayrıseçkiliyi” aşılayırdı.

Düşmən obrazı

Azərbaycanda düşmən “erməniyə” deyilirsə nədir bu “erməni” obrazı? “… bütün Azərbaycanda yaşayan “müsəlmanları” yox etmək istəyən və Böyük Ermənistanı qurmaq istəyən xristianlar?” Martin Lüter Kinqin dediyi kimi, nifrətin arxasında duran əsas faktor yanlış məlumat və ya məlumatsızlıqdır.
Hər bir millət kimi ermənilərində içərisində etnik milliyyətçilər və “Böyük Ermənistan” xəyalı ilə yaşayan insanları yox deyil. Halbuki, “Bütöv Azərbaycan” və “Böyük Turan” istəyənlərin sayı ermənilərin sayından azdırmı sizcə?

Lakin unutmamaq lazımdır ki, ermənilərin XX əsrin əvvəlində Avropaya və ABŞ-a etdikləri köç nəticəsində demokratiya və liberal düşüncələri mənimsəyən aydınlarının sayı azərbaycanlılardan qat-qat çoxdur. Azərbaycan ermənisi sayılan Harri Kimoviç Kasparov kimi insanların 1990-cı illərdə 20 yanvar şəhidlərinin ailəsinə yardım fonduna dəstək olması, hətta Agop Martayanın (Dilaçar) Türkiyədə Türk Dil Qurumun ilk başqanı olması və Mustafa Kamal paşaya “Atatürk” soyadının verilməsini Türkiyə Böyük Millət Məclisinə təklif edən şəxs olması Azərbaycandakı stereotiplərin nə qədər səhv olduğunu göstərir.

Ümumiyyətlə “düşmən” anlayışı XXI əsirdə nəinki xalqlar və millətlər arasında hətta dövlətlər arasında belə artıq istifadə edilmir. Günümüzdə düşmən ancaq cahillik, irqçilik, yobazlıq, tiranlıq, avtoritarizm və dözümsüzlük kimi anlayışlar ola bilər, həmçinin, buna qarşı mübarizə dövlət siyasəti olmalıdır. Nəticədə, bu kimi xüsusiyyətlər hər bir millət və etnik qrupdan olan insanlarda ola bilər. Ancaq bu kimi neqativ xüsusiyyətlərin birinin belə bütün bir millətin və ya etnik qrupun xüsusiyyəti kimi göstərməyin tək adı var – cahillik.

Qəhrəman obrazı

Azərbaycandakı rejimin sosial birliyi qorumaq üçün öz ideologiyasını təmsil edən qəhrəmanlara ehtiyacı var. Bütün media, təhsil sistemini nəzarətdə saxlayan bir qüvvə üçün də bunu etmək o qədər də çətin deyil. Misal üçün, baş leytenant (Ramin Səfərov) NATO proqramları çərçivəsində Budapeştə keçirilən kurs zamanı bir ermənini yuxuda yatarkən balta ilə öldürdü və ölkədə qəhrəmana çevrildi. İndi sual çıxır, bunun harası qəhrəmanlıqdır axı? Yatan adamı öldürməkmi? Yoxsa ermənini öldürməkmi?

Və ya başqa bir əsgər (Mübariz İbrahimov) atəşkəs halında ikən heç bir əmr almadan özbaşına erməni tərəfə keçib erməni hərbiçilərini öldürməsi. Bəlkə də bir çoxları üçün bu qəhrəmanlıq sayıla bilər, ancaq dövlətin “itaətsizliyə” münasibəti necə olmalıdır? Əvvəla Azərbaycan qanunvericiliyinə əsasən əgər əsgər sağ qalsa idi “xidmət etdiyi hərbi hissəni özbaşına tərk etdiyinə görə” məsuliyyətə cəlb olunaraq həbs ediləcəkdi. Türkiyədə, ABŞ-da və ya hər hansı bir inkişaf etmiş ölkədə hərbiçilər belə hadisələrdə iştirak etsə bunu edənlər qəhrəman sayılarlarmı?! Sizcə dövlət “itaətsizliyi” qəhrəmanlıq olaraq təbliğ etsə, bunun nəticələri necə olacaq?

Bu dəhşətli faktlar onu göstərir ki, dövlət tərəqqi etmək istəyirsə bunu ancaq insanlığın inkişafına xidmət edən dəyərləri dəstəkləyən, bu anlayışları qoruyan aydınlarımızı və bu yolda mübarizə aparan vətəndaşları qəhrəman olaraq örnək göstərməlidir. Əks təqdirdə, “itaətsizlik” və “cinayət”in propoqandası sağlam qəhrəmanlar yetişdirməyəcək.

Nəticə

Müasir dünyada orta əsr düşüncəsində qalmış, nə anlayışlarla, nə qəhrəmanlara nə də ki, o çağlardakı kimi idarə edilən dövlətlərə yer var. Belə ki, qloballaşmanın da təsiri ilə yayılan sivil dəyərlər bu tipli insanlıq dəyərlərinə zidd olan anlayışları təbliğ edən dövlətləri çox yaşatmaz. Səddamın İraqı və Xomeyninin İranı buna gözəl örnəkdir və Azərbaycanın yolu bayrağında da işarə edildiyi kimi müasir dövlət quruculuğu olmalıdır yoxsa dünyadan təcrid olmaq deyil.

Qeyd: Bu yazı Meydan.tv-de 25 Yanvar 2014-də yayımlanıb http://www.meydan.tv/

Bir şərh yazın

WordPress.com Bloqu.

Yuxarı ↑